Elmira Aslanova: Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi - MÜSAHİBƏ

Elmira Aslanova: Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi - MÜSAHİBƏ

Everesti fəth edən ilk azərbaycanlı qadın Elmira Aslanova apasport.az-a müsahibə verib.

- İlk dəfə Everestə qalxanda nə hiss etdiniz? Sizi ən çox nə həyəcanlandırdı?

- Zirvəyə çatanda çox böyük bir sevinc yaşadım, amma o anda sevincim daha çox beynimdə idi. Hələ tam olaraq nə baş verdiyinin fərqində deyildim. Bilirdim ki, hələ enmək, oksigeni qorumaq lazımdır. Amma özümə söz vermişdim ki, əgər Everestin zirvəsinə çatarsam, mütləq özümə vaxt verəcəyəm ki, o anı hiss edim. Sadəcə orada olum, baxım və anlayım ki, mən dünyanın zirvəsindəyəm. Belə də etdim – 15-20 dəqiqə sadəcə oturdum və bu anı yaddaşımda əbədiləşdirməyə çalışdım.

image

- Everestə yüksəlmək fikri necə yarandı? Bu qərarı vermək çətin olmadı ki?

- Bu qərarı almağım çox uzun zaman aldı. Sadəcə dağlara gedirdim, dağlarla bağlı filmlərə baxırdım. İlk dəfə “Everest” filmini görəndə çox təsirləndim. Bir tərəfdən, bu insanların həyatlarını riskə atıb bilərəkdən belə təhlükəyə getmələrini anlamırdım. Bu, bir az da ağılsızlıq kimi gəlirdi. Amma digər tərəfdən, onlar mənə sanki seçilmiş insanlar kimi gəlirdi. Daha çox onların hansı hissləri yaşadıqları maraqlı idi. Elə həmin andan Everest zirvəsi mənim xəyallarıma daxil oldu. Əvvəllər bu fikri heç kimlə bölüşmürdüm. Düşünürdüm ki, kiməsə desəm Everestə qalxmaq istəyirəm, mənimlə məzələnəcəklər. Amma bu fikir məni heç tərk etmədi. Nəhayət anladım ki, mən bunu – Everestə qalxmağı, həqiqətən, çox istəyirəm.

image

- Zirvədə sizi çox sarsıdan və ya dəyişdirən bir hadisə yaşamısınız?

- Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi. Əlavə oksigen balonu olan şerpa isə məndən xeyli irəlidə idi. O an ilk dəfə içimdə qəribə bir narahatlıq, qorxu hiss etdim. Öz-özümə sual verdim ki, “doğrudanmı, mən burada ölə bilərəm?” Dua etməyə başladım, sonra isə çalışdım sakitləşim ki, nəfəsimi idarə edim və qalan oksigeni boş yerə sərf etməyim. Həmin an içimdə böyük bir güc və dəstək hiss etdim. Mən Allaha çox inanıram və onun hər zaman mənə kömək etdiyini düşünürəm. O anda da hiss etdim ki, tək deyiləm. Oksigenim tam tükənən anda şerpama çatmağı bacardım.

image

- Qadın alpinist kimi sizə qarşı stereotiplərlə üzləşmisinizmi?

- Hərdən elə fikirlər eşidirdim ki, dağlar qadınlar üçün deyil. Düzdür, bunu tez-tez eşitməmişəm, amma olub. Lakin dağlardakı təcrübəm, digər ölkələrdən olan qadın alpinistlərlə tanışlığım mənə bir şeyi göstərdi – qadınlar çox vaxt kişilərdən daha dözümlü və güclü olurlar. Yüksək dağlar səbr, iradə və fiziki-psixoloji davamlılıq tələb edir. Bu xüsusiyyətləri mən ən çox qadınlarda görürəm.

image

- Növbəti hədəfiniz nədir? Daha hansı zirvələri fəth etmək istəyirsiniz?

- Mənim növbəti hədəfim “7 Zirvə” proqramıdır... Bütün qitələrin ən yüksək zirvələrinə qalxmaq. Artıq 3 zirvəni fəth etmişəm: Kilimancaro (Afrika), Akonkagua (Cənubi Amerika), Everest (Asiya). Növbəti hədəfim isə Şimali Amerikanın ən yüksək zirvəsi olan Denalidir.

image

- Everestdən sonra həyat fəlsəfənizdə dəyişiklik oldumu?

- Mən həmişə deyirəm ki, Everest mənə çox şey öyrətdi. Bu suala tam cavab vermək üçün ayrıca bir müsahibə lazımdır. Amma ən önəmli olan odur ki, mən sərhədlərin olmadığını anladım. Hər bir insan öz həyatını istədiyi kimi qura bilər, çox şeyə nail ola bilər. Biz öz potensialımızın yarısını belə bilmirik. Bundan başqa hər bir məqsədin əlçatan olduğunu dərk etdim. Ola bilər yol uzundur, kiçik addımlarla irəliləyirsən. Amma əsas olan hər bir məqsədə çatmaq mümkündür. Mən kitab yazmışam və hazırda o, nəşr prosesindədir. Bu kitabda Everestə gedən yolumu, yaşadıqlarımı və bütün dərk etdiklərimi oxucularla bölüşmüşəm.

image

- 2023-cü ildə Everestə qalxan ilk azərbaycanlı qadın olduğunuz sənədlərlə təsdiqlənib. Bununla belə, son günlərdə Everestə qalxan ikinci azərbaycanlı qadın alpinistin bəzi mənbələrdə və mətbuatda “ilk” olaraq təqdim edilməsi müəyyən qarışıqlığa səbəb olub. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Mənim üçün ən önəmlisi odur ki, ölkəm mənim nailiyyətimi qəbul etsin və tanısın. İki il boyunca mən Everestə qalxan ilk azərbaycanlı qadın kimi tanınırdım, amma bir günün içində bu titul başqa bir alpinistə verildi. Bu, mənə ədalətsiz gəldi. Sosial şəbəkələrdə də bu barədə yazmışdım. İstəyirəm ki, bizim qızlar da yüksək dağlara getsinlər, bu yolda mən hər zaman dəstək olmağa hazıram. Amma hesab edirəm ki, mənim Everestə qalxmağım Azərbaycan qadın alpinizminə təsir edib. Bu yolun bir parçası kimi istəyirəm ki, mənim töhfəm qiymətləndirilsin. Hazırda Azərbaycan Gənclər və İdman Nazirliyi, Alpinistlər Federasiyası və sadə insanlar tərəfindən çox böyük dəstək hiss edirəm. Buna görə hər birinə ürəkdən təşəkkür edirəm.

Nərmin Vüqarqızı

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib