BP Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək

BP Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək

Bu gün Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsinin (MPK) BP ilə tərəfdaşlığının müddətinin uzadılmasına dair rəsmi imzalanma mərasimi keçirilib. 

QELEBE.AZ xəbər verir ki, yeni sazişə əsasən, BP 2028-ci ilin sonunadək ölkənin milli Olimpiya və Paralimpiya komandalarına dəstəyini davam etdirəcək.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, MPK-nın prezidenti Hidayət Abdullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxışı zamanı BP-nin Azərbaycan idmanına göstərdiyi uzunmüddətli və ardıcıl dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "BP-nin Azərbaycandakı tarixi ilə Milli Olimpiya Komitəsinin tarixi üst-üstə düşür. 30 ilə yaxındır ki, Milli Olimpiya Komitəsi və BP Azərbaycan şirkəti paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan idmanında xüsusilə də Olimpiya Oyunlarında böyük uğurlar qazanılıb. Əgər BP-nin uğurları iqtisadi nəticələrlə ölçülürsə, MOK-un uğurları da Olimpiya Oyunlarında qazanılan medallarla ölçülür. BP Azərbaycan şirkəti ilə əməkdaşlığımız London-2012 Yay Olimpiya Oyunlarından başlayıb. Həmin vaxtdan etibarən BP bütün Olimpiya Oyunlarında bizim yanımızdadır və bizimlə əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, bu əməkdaşlığı bundan sonra da davam etdirə bilərik. Hər üç tərəfə - Milli Olimpiya Komitəsinə, Milli Paralimpiya Komitəsinə və BP Azərbaycan şirkətinə minnətdarlığımı bildirirəm".

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MPK-nın rəhbəri Hidayət Abdullayev ilə tərəfdaşlıq sazişi imzalayıb.

Qeyd edək ki, indiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən London-2012, Bakı-2015 I Avropa Oyunları, Rio-2016, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Tokio-2020 və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.