"Kəpəz"in braziliyalı futbolçusu: "Rəqib komandalar bizə qarşı xüsusi hazırlaşırlar" - MÜSAHİBƏ

"Kəpəz"in braziliyalı futbolçusu: "Rəqib komandalar bizə qarşı xüsusi hazırlaşırlar" - MÜSAHİBƏ

"Kəpəz"in braziliyalı futbolçusu Luis Paçu "QELEBE.AZ"a müsahibə verib. Son vaxtlar uğurlu çıxışı ilə diqqətləri cəlb edən 28 yaşlı hücumçu cari mövsüm komandasının oyunlarını dəyərləndirib. "Şamaxı" ilə matçda qələbənin memarı olan Paçu "Kəpəz"in artıq toparlandığını və rəqib komandaların onlara qarşı xüsusi hazırlaşdığını söyləyib.

- Misli Premyer Liqasının XV turunda səfərdə "Şamaxı"ya qalib gəldiniz. Oyunla bağlı təəssüratlarınız necədir?

- Qələbə bizə asan başa gəlmədi. Həqiqətən çətin görüş keçirdik. Komandada əhval-ruhiyyə yüksək səviyyədə olduğu üçün qalib gələn tərəf olduq. "Şamaxı" ilə matçda çox cəsarətli oyun sərgilədik və layiqli qələbə qazandıq.

- Qarşılaşmanın gedişində penalti zərbəsindən yararlana bilmədiniz. Uğursuz zərbənin səbəbi nə idi?

- Razıyam, zərbə uğursuz oldu. Lakin futbolda belə hadisələr yaşanır. Əslində, zərbə zamanı bütün diqqətimi qol vurmağa yönəltmişdim. Penaltinin dəf edilməsində rəqib qapıçının da əməyi var idi. Bununla belə, qarşılaşma zamanı əlimə qol fürsəti düşəcəyinə inanırdım. Düşündüyüm kimi də oldu. İkinci dəfə yaxaladığım şansı boşa vermədim.

- Hazırda çox yaxşı formadasınız və "Kəpəz"in lider futbolçusu hesab olunursunuz. Bu barədə nə deyə bilərsiniz?

- "Kəpəz"ə yardımçı ola bilmək üçün canla-başla oynayıram. Komanda yoldaşlarıma kömək göstərməyi sevirəm. Meydanda olarkən diqqətimi oyuna yönəldirəm. İşlərin qaydasında getdiyini görmək məni çox sevindirir.

- Komanda mövsümə pis start vermişdi. Hazırda "Kəpəz"in toparlandığını deyə bilərik?

- Bəli, artıq kollektiv olaraq toparlanmağı bacarmışıq və indi daha güclüyük. Bunun nəticəsidir ki, qarşılaşmalar zamanı xal və ya xallar qazanmağı bacarırıq. Lakin bu işdə təvazökar olmaq lazımdır. Hələ üzərimizdə çox çalışmalıyıq. Çünki qarşıda bizi uzun marafon gözləyir. Mövsüm hələ başa çatmayıb.

- Azər Bağırovun "Kəpəz"ə baş məşqçi təyin olunmasından sonra komandada hansı dəyişikliklər baş verdi?

- Mən "Kəpəz"ə gələndə Azər Bağırov orada baş məşqçi idi. Baş məşqçimiz və digərləri məni çox isti qarşıladılar. Azər Bağırovun davranışları bizə güvən verir. Komandanın təkmilləşməsi üçün əlindən gələni edir. Kollektiv olaraq çalışırıq ki, yuxarı pillələrə qalxaq. Baş məşqçimizdən öyrənəcəyimiz çox şey var.

- Əvvəlki baş məşqçi Adil Şükürov da sizi komandada görmək istəyib. Danışıqlar nə üçün müsbət yekunlaşmamışdı?

- Bu barədə məlumatım yoxdur.

- Qarşıda sizi I Liqa təmsilçisi "İmişli" ilə Azərbaycan Kubokunun 1/8 final oyunu gözləyir. Düşüncələriniz nədir?

- Açığı, danışılacaq çox söz yoxdur. Növbəti mərhələyə yüksəlmək istəyirik. Rəqib də I Liqanın yaxşı komandalarından biridir. Onlar da bizə qarşı öz gücünü göstərməyə çalışacaq. Bu səbəbdən qarşılaşmanın çox da asan keçəcəyini deyə bilməyəcəm.

- İki "cəbhə"də mübarizə aparmaq çətindir. Həmçinin nəzərə alaq ki, "Kəpəz" bir o qədər geniş heyətə malik deyil. Bu səbəbdən komanda daha çox Azərbaycan Kubokuna, yoxsa ölkə çempionatına diqqət yönəldəcək?

- İndiki vəziyyətdə nəsə demək çətindir. Hər halda, güclü kollektiv olmaq üçün hər oyuna qələbə üçün çıxmalıyıq və belə də edirik. Azərbaycan Kubokunda bacardığımız qədər irəli getmək istəyirik. Premyer Liqadakı hədəfimizi də hər kəs bilir. Mövsümü sonuncu pillədə başa vurmaq istəmirik. Bu komanda elitadakı yerini qorumalıdır. Çünki hər matçda əzmlə çalışırıq.

- Misli Premyer Liqasındakı növbəti oyununuz "Zirə"yə qarşı olacaq. Bu qarşılaşmadan xalla ayrılmaq olar?

- Əlbəttə, olar. Dediyim kimi, komanda artıq toparlanmaq mərhələsindədir. Rəqiblərimiz gücümüzü görüblər. Onlar bizə qarşı xüsusi hazırlaşırlar. "Zirə" də güclü komandadır. Gərgin oyunun keçəcəyinə inanıram. Məncə, azarkeşlər maraqlı görüşə şahidlik edəcəklər.

- Komanda mövsümün sonunda Premyer Liqadakı yerini qorusa, "Kəpəz"də qalacaqsız?

- Bu barədə danışmaq hələ tezdir. Mövsümün sonuna çox var. İndiki vəziyyətdə bütün diqqətimi "Kəpəz"ə kömək etmək üçün yönəltmişəm.

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib