Azərbaycan Premyer Liqası: proqnozları alt-üst edən birinci dövrə - TƏHLİL

Azərbaycan Premyer Liqası: proqnozları alt-üst edən birinci dövrə - TƏHLİL

Azərbaycan Premyer Liqasının geridə qalan birinci dövrəsi mövsümün əvvəlindən gözlənilən gərginlikdə keçdi. İstər lider, istərsə də autsayder mövqelərində proqnozlaşdırılanın əksinə mənzərə yaranıb.

Mövsümə çempionluq iddiası ilə başlayan klublardan yalnız “Qarabağ” həmişəki kimi, gücünü ortaya qoymağı bacardı. Düzdür, Ağdam təmsilçisi mövsümə “Zirə”yə məğlub olmaqla başladı. Ancaq qısa müddətdə toparlanan son çempion getdikcə formasını bərpa etməkdədir. Hələ nəzərə alaq ki, baş məşqçi Qurban Qurbanov avrokuboklarda iştirakla bağlı çempionatın bəzi matçlarında aparıcı oyunçularına istirahət verir.

Praqmatik futbol sona qədər fayda verəcəkmi?

Etiraf etmək lazımdır ki, yayda heç kim “Zirə”yə ilk “üçlük”də şans vermirdi. Bu da komandanın əvvəlki mövsümlərdə axsamasından, konkret sistemli futbol ortaya qoymamasından qaynaqlanırdı. Rəşad Sadıqov gözəl başa düşürdü ki, ardıcıl uğursuzluqların yekunu olaraq, özünü doğrultmaq baxımından bu mövsüm son şansdır. Gənc mütəxəssis əvvəllər də müdafiə futboluna daha çox meyil edirdi. Ancaq sanki bu sxemə uyğun oyunçular tapa bilmirdi. “Zirə” bəlkə də ilk 9 turda ən cansıxıcı oyun nümayiş etdirənlərin siyahısına başçılıq edir.

Qəsəbə təmsilçisi artıq baxımlı, rəngarəng oyuna yox, sırf nəticəyə hesablanmış mübarizəyə köklənib. Təsadüfi deyil ki, “Zirə” 9 matçda cəmi 9 qol vurub. Qələbə qazanılan 6 qarşılaşmanın dördündə vurulan 1 qol həlledici olub. “Qartallar”ın praqmatik futbolla sona qədər zirvə uğrunda mübarizə apara bilib-bilməyəcəyini zaman göstərəcək. Hər halda, dünya futbolunda az olsa da, bu yolla 1-2 mövsümlük uğur əldə edən komanda olub.

“Sabah”ın çöküşünün səbəbləri

Dövrəboyu ən çox müzakirə olunan məsələ “Neftçi” və “Sabah”ın nəticələri oldu. Xüsusən də ikincilərin liderdən artıq 12 xal geri qalmalarının səbəbləri barədə müxtəlif təxminlər səsləndirilir. Kimisi Murad Musayevin və komandasının UEFA Konfrans Liqasında Serbiya klubu “Partizan”a məğlubiyyətin şokundan hələ ayılmadığını, kimisi Aleksey Kaşuk və Coy Lens Mikelsin gedişinin həlledici olduğunu bildirir. Həqiqətən də hər iki amilin komandanın çöküşündə rolu var. Halbuki bakılılar mövsümə “Qəbələ”ni darmadağın edərək (5:0) başlamışdılar. Bu isə onların indiyəqədərki yeganə təsəlliləridir. Milli komandalarla bağlı yaranan fasilə “Sabah”ın özünə gəlməsi üçün son şansdır. Komanda bu müddətdə də toparlana bilməsə, ötən mövsüm qazandığı “gümüş”ə də həsədlə baxacaq.

Düzdür, mövsümün sonuna hələ 27 tur qalıb. Amma “Sabah” çempionluq xəyallarını növbəti mövsümə saxlasa, yaxşı olar. Hər halda, “Qarabağ” kimi rəqiblə 12 xallıq fərqi aradan qaldırmaq indiki durumda möcüzəyə bərabərdir. Maraq üçün əlavə edək ki, ağdamlılar son iki mövsümün hər birində müvafiq olaraq 15 və 18 xal itiriblər. Qurbanovun kollektivi cari mövsüm artıq 10 xallıq itki ilə üzləşdiyindən, bundan sonra mümkün qədər az büdrəməyə çalışacaq.

“Neftçi” qeyri-sabitlikdən qurtulmalıdır

“Neftçi”nin durumu “Sabah”la müqayisədə ürəkaçandır. Fərq ondadır ki, “bayquşlar” uğursuzdurlarsa, “ağ-qaralar” mövsümün bu ana qədərki ən qeyri-sabit komandasıdır. Bu da müəyyən mənada başadüşüləndir. Çünki yayda həm məşqçi, həm də futbolçu heyətində köklü dəyişikliklər edildi. Adrian Mutu baş məşqçi kimi təcrübəsiz olsa da, insaf naminə qeyd edək ki, kifayət qədər sanballı heyət yığa bilib. Komanda formaya düşərsə, hətta çempionluğa da iddia edə bilər. Ancaq uyğunlaşma dönəmi yubandıqca bakılılar turdan-tura bu hədəfdən uzaqlaşacaqlar.

Diniyevin “Səbail”ə aşıladığı qələbə ruhu

İlk dövrənin sürpriz komandaları, şübhəsiz ki, “Səbail” və “Araz-Naxçıvan”dır. Ötən mövsüm elitada qalmağı son anda bacaran bakılılar Şahin Diniyevlə yüksəlişə keçiblər. Demək olmaz ki, “Səbail” gözoxşayan, baxımlı oyun göstərir. Ancaq təcrübəli mütəxəssis futbolçularına qələbə ruhunu aşılaya bilib. Komanda hətta zəif oynadığı matçı da xeyrinə başa vurmağı bacarır. Ancaq çox qol buraxmaları müdafiə xəttində ciddi problemlərin olduğundan xəbər verir.

“Araz-Naxçıvan”ı gözləyən kritik dövrə

Elitaya qayıdan “Araz-Naxçıvan” isə mövsümün startına bir neçə gün qalmış toplaşdı. Oyunlar keçirdikcə əcnəbi transferlər də axın etməkdə idi. Yəni nə Azər Bağırovun kollektiv formalaşdırmağa, nə də sıfırdan yığılan heyətin bir-birinə uyğunlaşmağa vaxtı oldu. Bunun fonunda dövrəni 4-cü pillədə başa vurmaq böyük nailiyyətdir. Bağırov həm də qısa müddətdə uğurlu iş ortaya qoymağın mümkünlüyünü sübuta yetirdi. “Araz-Naxçıvan” qış fasiləsinə qədər bu tempi qoruya bilsə, yanvarda baş tutacaq təlim-məşq toplanışında da boşluqları aradan qaldıracaq və ikinci yarıya daha yaxşı başlayacaq. Naxçıvanlıların yarışdan “qopmamaları” baxımından ikinci dövrə kritikdir.

Bölgə klubları nəyə ümid edə bilərlər?

“Turan Tovuz” və “Sumqayıt”ın nəticələrini də uğursuz saymaq olmaz. Bu komandalarda da köklü dəyişikliklər edildi, heyət yenidən yığıldı. Turnir cədvəlinə nəzər yetirsək, bölgə təmsilçilərinin 1-2 qələbə ilə ilk “üçlüy”ə yaxınlaşa biləcəklərini görürük. Bu isə komandaların artan temp üzrə çıxış edib-etməmələrindən asılı olacaq.

Elmar Baxşıyev də “Qəbələ”ni xilas edə bilmir

Mövsümün əvvəlində, uğursuz yekunlaşsa da, avrokuboklarda mübarizə aparan “Qəbələ”nin ötən mövsümdəki nəticəni təkrarlayacağını onsuz da heç kim gözləmirdi. Aparıcı oyunçularının hamısını itirən kollektivdən bunu tələb etmək də yersiz olardı. Ancaq ən azı Elmar Baxşıyev amilinə görə “Qəbələ”nin ortabablar sırasında yer alacağı proqnozlaşdırılırdı. Birinci dövrə göstərdi ki, “qırmızı-qaralar” hətta baş məşqçinin də xilas edə biləcəyi durumda deyillər.

İlk istefa astanasında

“Kəpəz” isə turnir cədvəlində öz yerindədir. Təəssüflə qeyd etmək lazımdır ki, ciddi dəyişiklik olmasa, futbol şəhəri Gəncə növbəti mövsüm Premyer Liqada təmsil olunmayacaq. Söhbət təkcə baş məşqçi dəyişikliyindən getmir. Həmçinin futbolçu heyəti də son pillədən qurtulmaq üçün yetərli deyil. Hadisələrin gedişi isə onu göstərir ki, mövsümün ilk baş məşqçi istefasını məhz “Kəpəz”də görmək ehtimalı yüksəkdir. Ancaq bu dəyişiklik belə, çətin ki, komandanı autsayder statusundan xilas etsin.

Futbol
“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib

Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib